Doğrudan da bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma, bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir. Dünyada müharibələrin sayı qədər taun xəstəliyi olub. Taun da, müharibə də adamları həmişə qəfildən yaxalayır. Həkim Ryö də, bütün şəhər əhalisi kimi, qəfil yaxalanmışdı və onun şübhələrinə səbəb də elə bu cəhət idi. Həkim nigarançılıqla ümid arasında qalmışdı. Müharibə baş verəndə camaat belə deyir: “Uzun çəkməz, axmaq işdir”. Şübhə yox ki, müharibə axmaq işdir, axmaq iş olsa da, uzanıb gedir. Axmaq iş həmişə uzanır və bunu tək özünü fikirləşməyənlər daha yaxşı duyurlar. Bizim şəhərin camaatı da bu mənada başqalarına bənzəyirdi, ancaq özlərini fikirləşirdilər. Onlar bəlanın mövcudluğuna inanmırdılar. Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular biri-birini əvəz edir və keçib gedən adamlar olur.